Mart ayının 14-15 tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində region qiymətləndiricilərinin beynəlxalq konfransı keçiriləcək. Tədbirdə Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızstan və Şimali Kipr kimi Türk dövlətləri ilə yanaşı, Gürcüstan qiymətləndiriciləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Konfransda ölkəmizi Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi başda olmaqla, 10 nəfərdən ibarət tərkibdə nümayəndə heyəti təmsil edəcək. Konfransın mahiyyəti türk dövlətləri və digər region ölkələrinin qiymətləndiriciləri arasında əlaqələrin genişləndirilməsi, faydalı və qarşılıqlı münasibətlərin qurulması, mümkün birgə fəaliyyət mexanizmlərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması, ümumilikdə qiymətləndirmə sektorunun problemləri və müasir dövrün tələblərinə cavab verən qiymətləndirmə standartlarının müzakirəsindən ibarətdir. Konfransda qonaq qismində yeddi ölkədən və beynəlxalq təşkilatlardan 70-yə yaxın nümayəndə iştirak edəcək.